İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 8 fev — Sputnik. Dəmirçilik dünyanın ən qədim peşələrindədir. Sənətkarlar min illər boyu dəmirdən əmək alətləri, döyüş ləvazimatları hazırlayıblar.
Ölkəmizdə də dəmirçilərin hazırladığı qılınc və xəncərlər öz dözümlülüyü ilə məşhur olub. Lakin getdikcə odlu silahların istehsalı, fabrik və zavodların inkişafı bu sahəni arxa plana keçirib. Lakin əziyyətinin çox olmasına baxmayaraq, hələ də bu sənətlə nəfəs alan, onu yaşadan fədakar insanlar var. Sayları az olsa belə…
Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Həsən Kərimov belə "sonuncu mogikan"lardandır. 80 yaşı olmasına baxmayaraq, bu gün də onun emalatxanasının bacasından dəmirçi körüyünün tüstüsü ucalmaqdadır.
Atasını müharibədə itirən Həsən usta uşaqlığından bu sənətə başlayıb. Kolxozun dəmirçisi olan babası Kərəm kişiyə həm kömək edib, həm də sənətin sirlərinə yiyələnib. Hərbi xidmətdən döndüyündə babasının dünyadan köçdüyünü, emalatxananın işləmədiyini görən sənətkar, elə o vaxtdan qolunu çirməyərək işə başlayır.
O, kolxoz vaxtı dəmirçiyə daha çox ehtiyac olduğunu deyir: "1950-ci ildən bu sənətlə məşğulam. O vaxtlar iş çox olurdu. Nahara evə gedə bilmirdim, yeməyi də zindanın üstündə yeyirdim. Öküz, at nalları kəsirdim, araba təkərləri üzləyirdim, kotanlar hazırlayırdım. Sonradan texnika artdıqca, bizə də ehtiyac azaldı. İndi ən çox külüng, bel, dəhrə, bıçaq hazırlayıram".
H. Kərimovun qoç buynuzundan düzəltdiyi bıçaqlar bölgədə "Öysüzdü bıçağı" kimi ad qazanıb. Sənətkar hazırladığı məhsulları fərqləndirmək üçün əl işlərinin üzərinə öz emblemini də vurur. Tanıyanlar bu nişanı harada görsələr, onu öysüzlü dəmirçi Kərəmin nəvəsi dəmirçi Həsənin düzəltdiyini bilirlər.
Həsən kişinin işlətdiyi ləvazimatların iki əsrədək yaşı var. Bunların ona babasından, babasına isə öz atasından qaldığını deyən həmsöhbətimiz qeyd edir ki, nə qədər canında can var, zindanını səssiz, bacasını tüstüsüz qoymayacaq.
Lakin daş kömürün tapılmaması bu işdə sənətkarı çətin vəziyyətə salır. Sonuncu dəfə nəvəsinin Bakıdan çətinliklə tapıb göndərdiyi bir kisə kömür artıq qurtarmaq üzrədir. "Kömür olmasa, işdə olmaz, dərdin alem. Dəmiri qızdırıb döyərlər" — şirin Tovuz ləhcəsi ilə fikrini belə izah edir…