BAKI, 8 fev — Sputnik. Türk ordusunun Suriyada böyük uğura imza ataraq Əl-Bab şəhərini İŞİD-dən geri aldığına dair yayılan xəbəri təqdim etmişik. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, yayılan informasiya ilə bağlı bu ölkənin baş naziri Binəli Yıldırım jurnalistlərin sualını cavablandırıb.
Mövzuya aydınlıq gətirən Yıldırım, şəhərin yox, şəhər ətrafındakı strateji bölgələrin ələ keçirildiyini deyib. Döyüş əsnasında iki əsgərin şəhid olduğunu deyən Baş nazir daha sonra əlavə edib: "Şəhər ətrafındakı strateji bölgələr ələ keçirildi. Şəhərin hamısının alınması üçün əməliyyatlar davam edir. Hər hansı bir arzuolunmaz hadisə baş verməməsi üçün lazımlı tədbirlər görülür".
Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın isə bildirib ki, türk ordusu artıq Əl-Bab şəhərinə daxil olmaq üzrədir. O, Suriya ordusu ilə üz-üzə gəlinməməsi üçün Rusiya ilə koordinasiyalı şəkildə hərəkət etdiklərini bildirib.
İ. Kalın növbədə Raqqa əməliyyatının olduğunu da vurğulayıb.