Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, bu, kifayət qədər sərt qərardır: “Çünki bu kimi halları şərtləndirən hansısa amillər var. Ayrı-ayrı şəxslərlə söhbət etdikdə aydın olur ki, onlar yaxın məsafədə keçid olmadığından şikayətlənirlər. Ən yaxın piyada keçidi 3-4 kilometr məsafədədir. Sumqayıt yolu, Şamaxı yolu və bir neçə digər avtobanlarda bu xüsusilə müşahidə olunur”.
“Lakin subyektiv səbəblər də var. Piyada keçidi yaxın məsafədə olsa da, insanlar yolu bu formada keçməyə üstünlük verirlər. Təbii ki, bu, böyük təhlükələr yaradır. Qəzaların baş verməsi də bu kimi hallara görə ola bilər. Ona görə də baş verə biləcək hadisənin miqyası böyük olduğundan, daha sərt cərimə sanksiyasının tətbiq olunmasına üstünlük verilir. Amma hesab edirəm ki, cərimə sanksiyalarına yox, maarifləndirmə işlərinə üstünlük verilməlidir” — deyə o bildirib. Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.