CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana qanunlarına hörmət etməyən hər kəsin sonu belə olacaq!

Abunə olmaq
Ölkə ictimaiyyəti hesab edir ki, Lapşin, ancaq Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdən azad edilməsi qarşılığında əfv edilməlidir

BAKI, 8 fev — Sputnik. Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin qolları qandallı vəziyyətdə Azərbaycana gətirildi. Xatırladaq ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, Qarabağ separatçılarına simpatiya bəsləyən, bir neçə dövlətin vətəndaşlığını daşıyan Lapşin, rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in "qara siyahı"sına düşüb.

Aleksandr Lapşin - Sputnik Azərbaycan
Belarus məhkəməsindən Azərbaycanla bağlı mühüm qərar

Ötən ilin iyun ayında isə Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. O, gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub.

Azərbaycan, "Dövlət sərhədi haqqında" qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə — 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb. AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür.

Fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilən Lapşinin qolu qandallı görüntüləri ictimaiyyət arasında geniş rezonans doğurub. Sputnik Azərbaycan cəmiyyətdə tanınmış simaların Lapşinin Azərbayacana ekstradisiyası ilə bağlı sərgilədikləri münasibəti təqdim edir:

Bloqgeri Aleksandr Lapşin Heydər Əliyev Beynəlxalq Hava limanına gətirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bloqçu Aleksandr Lapşin Bakıya gətirildi

Hüquqşünas Aslan İsmayılov öz "Facebook" səhifəsində belə yazıb: "Fevralın 7-də Belarus Ali Məhkəməsinin bloqçu Aleksandr Lapşinin ölkəmizə təhvil verilməsi barədə qərarı və onun artıq Azərbaycana gətirilməsini Azərbaycan diplomatiyasının ən azından son 10 ildə ən uğurlu addımı sayıram. Bəli, səhv etmirəm. Fikrimcə, bu məsələ Qarabağ problemi baxımından, Ramil Səfərovun ölkəmizə gətirilməsindən də vacibdir. A. Lapşin dünyanın iki nüfuzli dövlətinin — Rusiya və İsrailin vətəndaşı idi və hər iki dövlət ekstradisiyanın əleyhinə idi. Vaxtilə mən də Azərbaycan hakimiyyətinin Belarusa 200 milyondan artıq kredit verməsini qınamışdım. Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko yer kürəsində bəlkə də yeganə adamdır ki, Azərbaycan hakimiyyətindən aldığının əvəzini verdi. Onun bu prinsipiallığı təqdirəlayiqdir. Bu gün Azərbaycan KİV-lərinin, ictimai fəal şəxslərinin əsas işlərindən biri də bu xəbərin dünyaya maksimum yayılmasını təşkil etməkdir. Bu amilin Dağlıq Qarabağa gələnlərin qarşısının alınmasında böyük rol oynayacağına şübhəm yoxdur".

Millət vəkili Tahir Mirkişili isə Lapşinin Azərbaycana ekstradisiyasına münasibətini belə bildirib: "Bu da axırı… Qolu qandallı, Azərbaycan əsgərinin əlində. Aleksandr Lapşin "Azərbaycanın arzuolunmaz şəxslər siyahısı boş şeydir. Bu siyahıda 1-ci olmaq istəyirəm. 150 dollar lazımdır ki, Azərbaycan qanunlarını yenidən pozum…" deyirdi. Azərbaycan Prezidentinin güclü iradəsi qarşısında Azərbaycana və onun xalqına, qanunlarına hörmət etməyən hər kəsin axırı belə olacaq".

Politoloq Elxan Şahinoğlunun fikrincə Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin uğurudur. Politoloq "Facebook" səhifəsində qeyd edib ki, həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirib: "Belarus prezidentinə xüsusi təşəkkür düşür. Sağ olsun, Azərbaycanın maraqlarını müxtəlif istiqamətlərdən yönələn təzyiqlərə qurban vermədi. Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o, cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy bu, Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun".

Millət vəkili Qənirə Paşayeva da öz "Facebook" səhifəsində Lapşinin Azərbaycana ekstradisiyasının yaxşı xəbər olduğunu qeyd edib: "Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib, Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən və işğalçıları dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq. Bu məsələdə ölkəmizin prinsipiallığı və ədalətli yanaşma sərgiləyən Belarus prezidentinin mövqeyi ciddi rol oynadı".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da "Facebook" səhifəsində hadisəyə münasibət bildirib: "Lapşin Azərbaycana nə edib, onu niyə qandalda Bakıya gətirdilər? Yazırıq: 40 yaşlı Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib".

Millət vəkili Aydın Mirzəzadə: "Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi qanunsuz səfər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisya edilməsi Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir. Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir. Bu eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Nə zamansa Azərbaycanın dinc əhalisnə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əllləri qandallı məhkəməmiz qarşısında duracaqlar".

Aleksandr Lapşin - Sputnik Azərbaycan
HADİSƏ
Lapşin Kürdəxanı təcridxanasına köçürüldü

Millət vəkili Sahib Alıyev: "Bir neçə vətəndaşlığının olmasından da göründüyü kimi, təkcə bloqçuluq etməyən Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün və dost Belarusun, özəlliklə də onun Prezidenti Lukaşenkonun sözünə bütövlüyünün göstəricisidir. Belarus Prezidenti çətin günlərində Azərbaycanın ölkəsinə kredit verməsi faktını dəfələrlə vurğulayaraq, bunu heç vaxt unutmayacaqlarını bildirmişdi. Necə demişdisə, elə də davranır. Və onu da xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev o zaman Belarusa kredit ayırılması haqda sərəncam verəndə, bu addım, Lapşinin ölkəmizə gətirilməsini isətəməyən bəzi çevrələri möhkəm qıcıqlandırmışdı. Hay əlaltılarını da cəlb edərək, hətta alçaq kampaniya da başlatmışdılar".

"Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova öz "Facebook" səhifəsində belə yazıb: "Azərbaycanın ərazi bütövlüyünü tanımayan, Dağlıq Qarabağdakı separatçıların maraqlarının müdafiəçisi olan bloqçu Lapşin qolları qandallı Azərbaycana təhvil verildi. Davamı gəlsin. 13 yaşlı Xocalıdan olan qızın dərisini soymaqdan və başına əxlaqsız oyunlar açmaqdan həzz alan Zori Balayanların, əlləri Azərbaycan türkünün qanına bulaşan, bunun hesabına da hakimiyyətə gələn Koçaryanların, Sarkisyanların da çox keçməz qolları qandallı Azərbaycana təhvil verilməsinin şahidi olarıq!"

Ümumiyyətlə sosial şəbəkə istifadəçiləri belə hesab edirlər ki, Lapşin ancaq Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdən azad edilməsi qarşılığında əfv edilməlidir.

Xəbər lenti
0