BAKI, 7 fev — Sputnik. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.
Görüşdə “Astara (Azərbaycan) və Astara (İran)” dəmir yolu sahəsinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti məsələləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının istifadəyə verilməsindən və digər məsələlərdən danışıb.
İİR yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə çıxış edərək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Hazırda Astarada (İran) işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası daxildir.
Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.