BAKI, 7 fev — Sputnik. Ankara böyük şəhər bələdiyyəsinin sədri Məlih Gökçək Çanaqqalada baş verən zəlzələlərin hökumətə zərbə vurmaq üçün “xarici qüvvələr” tərəfindən “həyata keçirildiyini” iddia edib. Sputnik Azərbaycan Hurriyet-ə istinadla xəbər verir ki, Məlih Gökçək Türkiyə Silahlı Qüvvələri başda olmaqla səlahiyyətliləri Egey dənizində “tədbir görməyə” çağırıb.
Məlih Gökçək twitter hesabında bunları yazıb: “Çanaqqalada bu gün ciddi bir zəlzələ oldu. Araşdırdım. Ətrafda seysmik araşdırma aparan bir gəmi varmış. Bu gəminin nəyi araşdırdığı və hansı ölkəyə aid olduğu təcili olaraq ortaya çıxarılmalıdır. Kim nə deyirsə desin, süni zəlzələnin ola biləcəyindən narahatam. Mütləq araşdırılmalı və ictimaiyyətə açıqlanmalıdır”.
Ankara böyük şəhər bələdiyyəsinin sədri yazıb ki, düşmənlər İstanbul ətrafında bir zəlzələ yaratmaqla Türkiyəni iqtisadi cəhətdən çökdürmək istəyirlər. İstanbul, Mərmərə və Çanaqqala ətrafında dənizin altı və böyük təchizatlı gəmilər nəzarət altında tutulmalıdır.
Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətində 5,2 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, bəzi yaşayış evlərinə ziyan dəyib.
Ötən gün də Çanaqqala vilayətində iki dəfə dalbadal zəlzələ baş verib.