BAKI, 7 fev — Sputnik. Gürcüstan vətəndaşı İrina Barbakadze ölkə parlamentinə qadınların məcburi hərbi xidmətə çağırılması barədə qanunun qəbulunu təklif edib. Sputnik-in məlumatına görə, o, artıq bu barədə qanun layihəsini ölkənin ali qanunverici orqanına təqdim edib və layihə onun təşəbbüsü ilə yanvarın 30-da qeydiyyata alınıb.
Sənəddən aydın olur ki, İrina Barbakadze “Gender bərabərliyi haqqında” qanunun müddəalarını əsas gətirərək gender bərabərliyini təmin etmək üçün ölkədə qadınların da məcburi hərbi xidmət keçməsinə ehtiyac olduğunu bildirib. “Ölkə qanunvericiliyində “cariskali” (gürcü dilində qadın hərbçi — red.) məfhumunun yer alması vacibdir” — Barbakadze deyib.
Bu qanun layihəsinin məqsədi Gürcüstan ordusunu gücləndirmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, əraziləri geri qaytarmaq və ölkəni birləşdirməkdir.
Mövcud qanunvericiliyə əsasən Gürcüstanda məcburi hərbi xidmətə 18-27 yaşlı kişilər cəlb edilir. Orduda qadınların da könüllülük əsasında xidmət etmək hüququ var.