İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədrinin müavini, vergi qanunvericiliyi sahəsində mütəxəssis Radil Fətullayev deyir ki, əslində bu dəyişikliklər gözlənilən idi: “Çünki sahibkarların fəaliyyəti zamanı müəyyən problemlərin olduğunu görürdük və bu, hələ də davam edir. Hesab edirik ki, məcəllədə olan dəyişikliklər qüvvəyə minəndən sonra bunlar yavaş-yavaş aradan qalxacaq”.
“Bunlardan ən birincisi, şəffaflığa gətirib çıxaran bir dəyişiklik elektron qaimə-fakturanın tətbiqi ilə bağlıdır. Bu, qonşu ölkələrdə artıq tətbiq olunurdu və biz də bunu gözləyirdik. Bununla bağlı ticarətçilər, istehsalçılar və xüsusən də xaricdən mal idxal edən müəssisələr böyük çətinliklə qarşılaşırdılar. Onlar istəmirdilər ki, öz alışları görsənsin və beləliklə, vergidən yayınma halı baş verirdi. Bu halın aradan qaldırılması üçün elektron qaimə-fakturanın tətbiqi ilə yanaşı malları alan zaman alış sənədinin olmaması ilə bağlı cərimələr də tətbiq olunur”, — deyə o bildirib.