Mübariz Əhmədoğlu: “Konqresdə artıq qətnamə qoyulub ki, İrana qarşı güc tətbiq edilsin”
“Obama administrasiyası İranın bəd əməllərinə, o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və digər beynəlxalq normaları pozmasına adekvat cavab verməyib. Tramp administrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyi, firavanlığa və sabitliyə zərbə endirən və amerikalıların həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir”. Bu fikirləri ötən gün Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Flinn səsləndirib.
Politoloq Mübariz Əhmədoğlu o qənaətdədir ki, yaxın həftələrdə Amerika İrana yeni sanksiyalar tətbiq edəcək. “Konqresdə artıq qətnamə qoyulub ki, İrana qarşı güc tətbiq edilsin”.
“Hesab edirəm ki, qətnamədə yazılacaq ki, ABŞ İrana qarşı hərbi əməliyyatların aparılması məsələsini BMT Təhlükəsizlik Şurasına çıxartsın. Çin və Rusiya da ballistik raketlər sınağı fonunda bu qətnaməyə veto qoymayacaqlar” — deyə o bildirib.