Leyla Abdullayeva, Sputnik Azərbaycan
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müdafiə nazirinin müavini Kərim Vəliyev şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağını onun xidmət etdiyi hərbi hissənin komandirinə təqdim edib. Bayrağın işğaldan azad olunacaq Azərbaycan torpaqlarında dalğalanacağı bildirilib.
Şəhid atası Salman Qurbanov çıxışında Çingiz kimi oğlu olduğu üçün fəxr etdiyini bildirib: "Çingiz həm atasının, həm anasının o cümlədən vətənin layiqli övladı olduğunu sübüt etdi. Ermənilər Çingizin nəşindən belə qorxurdular, belə olmasaydı bu qədər müddətdə nəşi özlərində saxlamazdılar”.
Salman Qurbanov digər övladı Beydulla Qurbanovun da hər zaman vətənin müdafiəsi uğrunda canından keçməyə hazır olduğunu bildirib.
Yaylım atəşindən sonra şəhid Çingiz Qurbanov torpağa tapşırılıb.
Şəhidin 3 mərasimi fevralın 8-də Qusar rayonu Həsrə kəndində keçiriləcək.