İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 6 fev — Sputnik. Fevralın 4-ü axşam saatlarında Gədəbəy rayonunun Zəhmət kəndində, qısqanclıq zəminində ər arvadını qətlə yetirib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı, 1983-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızı ilə mübahisə edib. Nəticədə qəzəblənən ər yumuruq və təpiklə, 3 övlad anası olan D. Əsgərovanı döyməyə başlayıb. Qadın aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Z. Allahverdiyev hadisəni törətdikdən sonra qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o, bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.
İşin ən qəribə tərəfi isə odur ki, ekspertiza üçün Pataloji Anatomiya Birliyinə (morq) aparılan qadının meyitini yaxınları morqdan götürmürlər. Hadisə şahidlərinin sözlərinə görə, nə qadının atası tərəf, nə də yoldaşı tərəf dəfni öz üzərinə götürmək istəyir. Artıq ekspertiza başa çatsa da, yaxınlarından kimsə meyiti təhvil almaq üçün morqa getməyib.
Qadının meyiti hazırda morqdadır. Baş vermiş hadisə ilə bağlı isə Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.