BAKI, 6 fev — Sputnik. "Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: "Bu dəmir yolu xətti "Şərq tərəfdaşlığı" və Avropa ölkələri üçün cəlbedici ola bilər. Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq".
Prezident qeyd edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: "Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir".
İlham Əliyev qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: "Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal sabah işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər".
Tusk isə əməkdaşlığımı yeniləmək və yeni ikitərəfli razılaşma ilə dərinləşdirmək istədiklərini söyləyib: "Mən məmnunluqla bildirmək istəyirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar sabah başlayır. Mən danışıqları aparanlara uğurlar arzu edirəm. Yeni razılaşma bölüşdüyümüz yeni qlobal iqtisadi və siyasi maraqlarnı fonunda əməkdaşlığımızın əhatə dairəsini genişləndirəcək".