BAKI, 4 fev — Sputnik. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.
Bu barədə Sputnik Azərbaycan Axtarış-Xilasetmə Qərargahına istinadən məlumat verir.
Məlumatda bildirilir ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu təsdiq edilərək ailəsinə təhvil verilib.