BAKI, 3 fev — Sputnik. Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp və onun komandası dünyanın yeni düzənini quracaqlarını vəd edir. Bununla paralel olaraq, həftə boyunca Birləşmiş Ştatları Tramp əleyhinə etiraz aksiyaları bürüdü. Üstəlik, etirazların artan xətt üzrə inkişaf edəcəyi proqnozlaşdırılır.
Görünən budur ki, dünya yeni savaşa sürüklənir. Donald Tramp həftə ərzində səsləndirdiyi bəyanatlarda İranla əldə edilən nüvə razılığını tənqid edib, onun müşavirləri isə Çinə qarşı sərt çıxışlar ediblər.
Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Flinn İranın ballistik raket buraxılışını pisləyərək, Tehranın 2015-ci ildə Birləşmiş Ştatlar və digər ölkələrlə əldə etdiyi nüvə razılığını hədə altına aldığını deyib. Mayk Flinn Ağ Evdə keçirilən mətbuat konfransı zamanı İrana qarşı yeni sanksiyaların vacibliyindən danışıb. Onun sözlərinə görə, İran rejimi ABŞ-a indiyədək sərgilədiyi mövqeyə görə minnətdarlıq etmək əvəzinə, "özünü qüdrətlənmiş" hiss edir.
"Bu gündən etibarən İrana rəsmən xəbərdarlıq edirik" — deyən Flinn, İranın "destabilləşdirici davranışını" pisləyərək son raket sınağının BMT Təhlükəsizıik Şurasının qətnaməsinə zidd olduğunu bildirib.
"Obama administrasiyası İranın bəd əməllərinə, o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib" — müşavir əlavə edib.
O, həmçinin bəyab edib ki, "Tramp adminstrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyə, firavanlığa və sabitliyə zərbə endirən və amerikalıların həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir".
Kanadanın Kral Hərbi Kollecinin beynəlxalq münasibətlər üzrə professoru Huşəng Həsən-Yar "Amerikanın səsi"nə bildirib ki, Trampın Tehrana xəbərdarlıqları sabiq prezident Corc Buşun ritorikasına oxşaryır və bu yanaşma Obamanın rəftarı ilə təzad təşkil edir: "Nəzərə alanda ki, Tramp atacağı addımları proqnozlaşdırılmayan şəxsdir, habelə onun siyasi və hərbi müşavirləri İranın ABŞ və onun müttəfiqlərinə qarşı yaratdığı təhlükələr haqda geniş yazıblar, yaxşı olardı ki, İran rəhbərliyi növbəti addımlarını ehtiyatla ölçüb-biçsin".
Əslində, Trampın Vaşınqtonun diplomatiyasında kəskin dönüşlər edəcəyi gözlənilən idi və bu ehtimal artıq təsdiq edilir. Belə ki, Donald Trump bu həftə Steve Bannonu özünün baş strateqi və məsləhətçisi təyin etmək qərarına gəlib. Stefan Bannon da dərhal ABŞ-ın xarici siyasət kursunu açıqlayıb və Vaşinqtonun bir neçə il ərzində Çinlə müharibə edəcəyini deyib.
"Qarşıdakı 5-10 il ərzində Cənubi Çin dənizində müharibə edəcəyik. Heç şübhəsiz ki, bu müharibə baş tutacaq. Çin sahil zolaqlarında istehkam qurub, döyüş gəmiləri saxlayır və bu gəmilər raketlərlə təchiz olunub. Artıq burnumuzun dibinə soxulublar" — deyə Bannon qeyd edib.
Qeyd edək ki, Trampın seçki kampaniyası Çini və İranı hədəf alan bir ritorika üzərində qurulmuşdu. Hələ seçkidən öncə İndiana ştatında keçirdiyi mitinqdə Trampın, Çin ilə ABŞ arasındakı əlaqələri "cinsi istismar" kimi təsvir etməsi mübahisələrə səbəb olmuşdu. Trump bu mitinqdə "Çinin ölkəmizə təcavüz etməsinə imkan verməyəcəyik" demişdi.
Beləliklə, Trampın prezidentliyi ilə Steve Bannonun "radikal İslam, şəriət hüququ və İslam süprematizmi" nəzəriyyəsi işə düşür. Yəhudi-xristian kapitalizmi doktrinasının müəllifi olan Bannon İslama və Çinə nifrətini gizlətmir və Birləşmiş Ştatları yeni savaşa sürükləyir. Bannon hesab edir ki, "din azadlığı İslama şamil edilə bilməz, çünki İslam bizim azadlığımıza qəsd edir".
Görünən budur ki, Tramp Çin və İrana savaş açmaqla dünya düzənini dizayn etmək niyyətindədir. Lakin burada bir məqama diqqət yetirmək lazım gəlir. ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, islamafobik çağırışlar artacaqdı. Trampın gəlişi ilə bu amil özünü çox erkən özünü birüzə verdi.
Trampın prezidentliyi yeni islamofobik dalğaya dəlalət edir. Vurğulayaq ki, ABŞ-ın yeni prezidentinin səlahiyyətlərinin icra müddəti heç 1 ay deyil, lakin artıq Kaliforniya, Los-Anceles və sair yerlərdə, eyni zamanda Almaniyada məscidlərə hücumlar başlayıb, Amerikada digər müsəlmanlarla yanaşı 5 yaşlı uşaq da 5 saat ərzində əli qandallı hava limanında saxlanılıb.
Tramp yenidən İran və Çinlə müharibə ritorikasına qayıdıb. Bu isə istər bölgə üçün, istərsə də Azərbaycan üçün daha ağır nəticələrə səbəb ola bilər. Tramp, əslində transmilli neft korparasiyalarının aralıq dönəm üçün hakimiyyətə gətirdiyi bir simadır. Onun "dəli" imici isə məhz nəzərdə tutulan planı həyata keçirmək üçündür…