BAKI, 3 fev — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülər tərəfindən qeyri-iş vaxtı avtobusların istifadəsindən narazıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalata bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır.
"Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb. Bundan başqa, əməkdaşlarımız tərəfindən 64 saylı marşrutda avtobusların xəttə çıxışı ilə bağlı reyd keçiriblər. Müşahidə olunub ki, nəqliyyat vasitələri istehsalat bazasından xəttə çıxmırlar. Bu cür halların qarşısını almaq üçün belə bir təklifimiz var ki, pərakəndə şəkildə çalışan şəxslər birləşib kooperativ yaratsınlar. Bu, daha məqsədəuyğun olar. Hər bir nəqliyyat vasitəsi istehsalat parkından xəttə çıxmalıdır. Bu da baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi güdür" — Abbasov qeyd edib.