BAKI, 2 fev — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olublar. Sputnik Azərbaycan bu barədə Müdafiə nazirliyinin saytına istinadən məlumat verir.
Bildirilib ki, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.
Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.
Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.
Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.
Şəxsi heyətin dolğun qidalanması üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib. Yeməkxana kompleksində çörək və şirniyyat məmulatlarının bişirilməsi sexi də fəaliyyət göstərir.
Hərbi hissədə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul evi də inşa edilib.
Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir. Burada bir buxar qazanxanası, iki transformator yarımstansiyası da istifadəyə verilib. Ərazidə hər birinin həcmi 500 kubmetr olan 2 su anbarları da yaradılıb.
Bundan başqa hərbi hissənin ərazisində 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.
Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.