BAKI, 1 fev — Sputnik. İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
O, bildirib ki, 9 min kv.km torpaq ermənilərə müəyyən şərtlərlə verilmişdi: “Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli, Şaumyanın başçılığı altında həyata keçirilən soyqırıma son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də, biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağıl müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq”.
Millət vəkili prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycana qaytarılacağını vurğuladığını deyib: “Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.