BAKI, 1 fev — Sputnik. Ölkədə islahatların gedişi ilə bağlı məsələləri müzakirə etmək üçün parlamentin xüsusi bir iclası çağırıla bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, ölkədə mülkiyyət toxunulmazlığı ilə bağlı kifayət qədər qanunlar qəbul olunub: “Amma bəzən mətbuatda oxuyuruq ki, hansısa sahibkarın oteli əvəzi ödənilmədən söküldü, hansısa şəhərdə abadlıq işlərinin aparılması məqsədilə sahibkarların mağazaları uçurduldu, yerlə bir edildi”.
“Əgər mətbuatda yazılanlar həqiqətə uyğun deyilsə, onda niyə müvafiq icra hakimiyyəti orqanlarında mətbuat xidmətləri var? Niyə mətbuata çıxıb deyilmir ki, bu yazılanlar yanlışdır, tutaq ki, qanuni əsaslarla bu obyektlər sökülür. Yəni, ictimaiyyətə də bir aydınlıq gəlsin” — millət vəkili deyib.
Onun sözlərinə görə, yazılanlar həqiqətdirsə, onda ölkəyə investisiya qoyuluşunu təşviq etmək çətindir: “Azərbaycan mətbuatını xaricilər, bütün investorlar oxuyur. Biznes mühitini daha da yaxşılaşdırmalıyıq ki, Azərbaycana investisiya gəlsin. Bu məsələlər ilə bağlı əgər mətbuatda yazılırsa, müvafiq dövlət orqanlarının mətbuat xidmətləri açıqlama verib bu məsələyə aydınlıq gətirməlidirlər. Qanunsuz iş görənlər isə mütləq cəzalandırılmalıdır”.