BAKI, 1 fev — Sputnik. Xəzər dənizində tapılan meyitin kimə məxsus olduğu müəyyən edilib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri — operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.
Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.
Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.
Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.