BAKI, 1 fev — Sputnik. Azərbaycanda büdcənin müəyyən qədər qorunmasını təmin etmək, korrupsiyanın və rüşvətxorluğun qarşısını almaq istəyiriksə, dövlət maliyyə nəzarəti haqqında qanun layihəsinin qəbul edilməsi çox vacibdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Vahid Əhmədov deyib.
Millət vəkilinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi bu barədə komitədə məruzə edəndə bu qanunun üzərində işlədiklərini bildirib: “Ondan əvvəl də maliyyə naziri bir neçə dəfə bizə məlumat vermişdi ki, bu qanunun üzərində işləyirlər, beynəlxalq maliyyə təşkilatları ilə razılaşdırırlar. Amma çox təəssüflər olsun ki, artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik və layihə Milli Məclisə daxil edilmir”.
O deyib ki, digər gecikən qanun layihəsi Rəqabət Məcəlləsidir: “Bu qanun parlamentdə indiyədək qəbul edilməyib. Nəyə görə, biz Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik? Ölkədə rəqabət tipli və ixracyönümlü məhsulların davamlı istehsalını təşkil etmək istəyiriksə, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq lazımdır. Bunun üçün də Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Bu, bütün dünyada qəbul edilən bir təcrübədir. Xahiş edirəm bu məcəllə də gündəliyə salınsın”.