BAKI, 1 fev — Sputnik. 2016-cı il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub, bu da 2015-ci il ilə müqayisədə 11,7 faiz artım olduğunu göstərir. Sputnik Azərbaycan bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumata görə, dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil edib.
Qeyd edək ki, bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.