BAKI, 1 fev — Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar olaraq rəsmi qurumlar şəhər sakinlərinə müraciət ediblər ki, vətəndaşlar şəxsi avtomobillərindən istifadə etməsinlər və yalnız ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. Bir çox vətəndaşlar buna riayət edərək şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə ediblər. Amma axşam saatlarında evə geri dönən sakinlər böyük problemlə üzləşiblər. Belə ki, avtobus dayanacaqlarında saatlarla avtobus gözləməli olublar. Bəziləri hətta piyada və ya taksi ilə evlərinə dönüblər.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yaranmış problemlə bağlı Sputnik Azərbaycan-a açıqlama verib:
"Dünən günorta Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara ciddi şəkildə xəbərdarlıq edib ki, xüsusən şaxtalı və qarlı günlərdə axşam saatlarında sərnişinlər yollarda çox qalmasın deyə süni şəkildə intervalı artırmasınlar və vaxtından əvvəl xəttdən çıxmasınlar. Başqa günlərə baxanda qarlı günlərdə daha çox çalışmalıyıq. Axı biz xidmət göstəririk. Bizim üzərimizə düşən məsuliyyət var".
Mais Ağayev onu da qeyd edib ki, "Baku Bus"-dan başqa digər özəl xidmət göstərən avtobuslar dünən axşam saatarında vaxtından tez xəttdən çıxıblar: "Bizdə hər bir avtobusa GPS quraşdırılıb. Bunun vasitəsilə biz xəttdə olan və xəttdən çıxan bütün avtobusları mərkəzdən izləyə bilirik".
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, təkcə bu faktın özü onu göstərir ki, bütün sərnişin daşıyan avtobuslar sahibkarlardan alınmalıdır: "Əks halda belə problemlər baş verəcək. Köklü dəyişiklik etmək istəyiriksə, mütləq şəkildə avtobuslar dövlət nəzarətinə keçməlidir. Ya da sahibkarlar öz üzərilərinə düşən sosial məsuliyyəti anlayıb bu məsələyə daha ciddi yanaşmalıdılar".