BAKI, 31 yan — Sputnik. ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsi prezident Donald Trampa Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağa mane olan qanun layihəsinə baxacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu komitənin sədri Bob Korker bildirib.
"Biz hər şeyi xırdalıqlarına qədər müzakirə edəcəyik” – Korker jurnalistlərin sözügedən qanun layihəsi barədə suallarını cavablandırarkən deyib.
Korker əlavə edib ki, Komitə tezliklə sözügedən sənədi müzakirə edəcək. Donald Tramp dəfələrlə deyib ki, Rusiya ilə münasibətləri tənzimləmək üçün bütün imkanlarından istifadə edəcək. ABŞ prezidentinin sözlərinə görə, bu, hər iki ölkənin xeyrinə olacaq.
Ötən həftə ABŞ mediası xəbər vermişdi ki, Trampın administrasiyası sanksiyaları qaldırmaq üçün fərman hazırlayıb.