BAKI, 31 yan — Sputnik. Azərbaycanda Pakistan vətəndaşı öz həmyerlisini aldadaraq iri məbləğdə pulunu götürüb aradan çıxıb.
Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
1970-ci il təvəllüdlü Pakistan vətəndaşı Rizvi Atamasardar Hüssayn rayonun 17-ci polis bölməsinə müraciət edib.
Kişi bildirib ki, 2016-cı ilin noyabrında onun həmvətəni Şeyx Mübaramac Sakeel onu aldadaraq fırıldaq yolu ilə 20 min dollarını alıb.
Hüssaynın sözlərinə görə, Şeyx söz verib ki, ona ABŞ-a viza almağa kömək edəcək. Həmçinin, onun Amerikada iş yeri ilə təmin olunmasına köməklik göstərəcək. Pakistanlı Şeyx həmyerlisi Rizvi Atamisardardan onun Azərbaycanda müvəqqəti olaraq yaşamasına imkan verən xarici pasportunu da alıb və başına belə oyun gətirib.
Hələlik əməliyyatçılar sözügedən fırıldaqçını müəyyənləşdirməyiblər. Şeyxin Azərbaycan ərazisində olması barədə heç bir məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.