BAKI, 30 yan — Sputnik. İsveçrənin Sant Moris şəhərində Dünya Polo çempionatı keçirilir. Çempionat çərçivəsində dünya xalqlarına həsr olunmuş sərgidə Azərbaycanı milli kulinarlarımız təmsil edir.
Kulinarlarımız sərgidə Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun başçılığı ilə 12 nəfərlik heyətlə iştirak edirlər. Sputnik Azərbaycan bu barədə Əmiraslanovun Facebook səhifəsinə istinadən məlumat verir.
Məlumata əsasən, qənnadçı və aşpazlarımız 3 mindən çox şəkərbura, kanape, pip dolması, birnəfərlik şahplov, fisincan, səbzi, paxlava, lavaş və digər məmulatlar hazırlayaraq, qonaqlara təqdim ediblər. Sərginin ilk günü 7 min nəfər milli mətbəximizin təamlarına heyran qalıb.
Dünən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan guşəsinə baş çəkib. Aşpazlarımızın bişirdikləri yeməklərlə maraqlanan Leyla Əliyeva milli musiqi sədaları altında onlarla rəqs edib.
Festival bu gün də davam edəcək.