İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 30 yan — Sputnik. İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Qəbələ şəhərində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdiyini deyən S. Abdullayev, bu səfərin bölgə üçün böyük önəm daşıdığını diqqətə çatdırıb. Görüş çərçivəsində nümayəndə heyətinə rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri ölkələr arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu, Azərbaycan və İran məhsullarının tanıdılması üçün birgə sərgilərin təşkilinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı iqtisadi münasibətlərin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri RİH-in və Qəbələ "ASAN xidmət" mərkəzinin inzibati binasına, şəhər məscidinə, istehsal müəssisələrinə və turizm sektoruna baxış keçirib, əldə olunmuş müsbət təcrübə ilə yaxından tanış olublar.