BAKI, 29 yan — Sputnik. 1959-cu ildə çəkilmiş məşhur "Xirosima Sevgilim" ("Hiroshima Mon Amour") filmindəki Elle rolu ilə tanınan aktrisa Emmanuel Riva 89 yaşında həyatla vidalaşıb. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Fransanın Vosges bölgəsində 27 aprel 1927-ci ildə doğulan Riva kino həyatına 1950-ci illərdə başlayıb.
Rivanın aktyorluq həyatında böyük uğurlara imza atdığı filmlər arasında "Xirosima Sevgilim" və 2012-ci ildə çəkilmiş "Məhəbbət" ("Amour") filmləri xüsusi yer tutur. Alen Resnaisin rejissorluq etdiyi "Xirosima Sevgilim"-də Riva Yaponiyaya Xirosima ilə bağlı film çəkilişlərinə gələn aktrisa Elle rolu ilə yaddaşlara həkk olundu. Filmdə Rivanın tərəf müqabili yapon memarı rolunu ifa edən Eiji Okada idi.
Məhəbbət, müharibə, əzab və işgəncədən bəhs olunan filmdə, Xirosimanın atom bombası atıldıqdan sonrakı halı təsvir olunur.