Ramil Osmanlı: “Azərbaycanda ümumi avtomobil parkının sayı 1 milyon 300 mini ötür”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyir ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da avtomobilləşmə prosesi gedir: “Bəzi hallarda tıxac və digər problemlərin qarşısını alınmasında və infrastrukturun yüklənməməsi ilə bağlı müəyyən inzibati addımlar da atılır. Buna baxmayaraq Azərbaycanda avtomobilləşmə prosesi davam edir. Əgər 2005-ci ildə Azərbaycanda ümumi avtomobil parkının sayı 500 minə çatmırdısa, bu gün bu rəqəm 1 milyon 300 mini ötür”.
“Son iki ildə Azərbaycanda avtomobilləşmə ilə bağlı statistika da o qədər ürəkaçan deyil. 2013-2014-cü illər ərzində Azərbaycana gətirilən ümumi nəqliyyat vasitələrinin sayı hər il üçün 100 mini ötürdüsə, 2015-ci ildə bu göstərici təqribən 30 min, 2016-cı ildə isə hətta 10 mindən az oldu. 2017-ci illə bağlı da o qədər pozitiv proqnozlar gözlənilmir. Amma biz düşünürük ki, Azərbaycanın maliyyə bazarında vəziyyət tənzimləndikdən sonra və manat öz real bazar dəyərini tapdıqdan sonra, avtomobil bazarında da müəyyən mənada aktivliyi bərpa etmək olacaq”.