BAKI, 27 yan — Sputnik. Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan korrupsiya cinayətlərinin statistikası açıqlanıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, hərbi prokuror Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Belə faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.
Xanlar Vəliyev Azərbaycan prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib. Bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.