Xəzərin statusunu müəyyən edən işçi qrupunun növbəti iclası Türkmənistanda olacaq

Abunə olmaq
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Xüsusi İşçi Qrupunun iclasının yekunlarına dair Kommünike qəbul edilib

BAKI, 26 yan — Sputnik. Bakıda 25-26 yanvar 2017-ci il tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclası keçirilib. Sputnik Azərbaycan bu barədə XİN mətbuat xidmətinə istinadən məlumat verir.

İclasda Azərbaycan, İran, Qazaxıstan, RF və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. 

İclasa sədrlik etmiş Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov öz nitqində vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində əsas razılaşmalar mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunması üçün əlverişli şərait yaradıb. Xələfov qeyd edib ki, Konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti Sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır. 

Xəzər dənizinin kosmosdan çəkilişi - Sputnik Azərbaycan
SİYASƏT
Xəzərin hüquqi statusu üzrə məsləhətləşmələr keçirilib

İclasda Konvensiyanın suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi suları və balıqçılıq zonalarının müəyyənləşdirilməsi, əsas xətlərin müəyyənləşdirilməsinin metodologiyası, dənizin dibinin və yerin təkinin böluşdürülməsi, hərbi gəmilərin ərazi sularından keçməsi, həmçinin kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəaları müzakirə olunub və razılaşdırılıb.

Nümayəndə heyətləri aparılan danışıqların yekunlarını yüksək qiymətləndirmiş və görüşü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə ediblər.

Xüsusi İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti
0