BAKI, 26 yan — Sputnik. Səyyar "ASAN qatar" fevralın 1-dən fəaliyyətə başlayacaq. "ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar "ASAN qatar" növbəli qaydada ölkənin bütün istiqamətlərində hərəkət edərək əvvəlcədən təyin olunan yerlərdə dayanacaq və fəaliyyət göstərəcək.
Qeyd olunub ki, fevralın 1-dən səyyar "ASAN qatar" Qazaxda vətəndaşlara 15 gün ərzində xidmət göstərəcək. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunacaq. Qatarda funksional yardımçı — foto, tibb, bank xidmətləri təşkil edilib.
Səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.