BAKI, 26 yan — Sputnik. "Göz bankı deyəndə, əsasən quzeyli qişa ehtiyatlarının yaradılması nəzərdə tutulur. Söhbət ilk növbədə, beyin ölümü keçirən, yaşamaq ehtimalı olmayan, amma gənc, bədəninin digər əzaları sağlam olan şəxslərdən quzeyli qişanın götürülməsi və ondan istifadə olunmasından gedir".
Bunu tibbi ekspert, professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, burada söhbət quzeyli qişanın donor bankının yaradılmasından gedir: "Bu gün Azərbaycanda keroplastika kifayət qədər vüsət almaqdadır. Bu sahədə xeyli mütəxəssis də yetişib. Amerikada, Avropada, Türkiyədə bir xeyli mütəxəssis təhsil alaraq, geri qayıdıb. Artıq əsas problemlərdən biri donor bankdır. Donor bankının yaradılması çox mühümdür. Ən əsası odur ki, bunu sistemləşdirə, ehtiyat yarada bilsinlər. Problem bundadır. Çünki, bizdə çox zaman ölən şəxsin yaxınları buna razılıq vermirlər. Yəni, bütün bu məsələlər də razılıq əsasında həll olunmalıdır".
"Əgər bu sistemi qura bilsələr, effektli olacaq. Əsas sistemi qurmaqdır, onu yaratmaq hələ məsələnin həlli deyil" — deyə Adil Qebulla əlavə edib.
Oftalmoloq Əhməd Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda göz bankının yaradılmasının vacib olduğunu deyib: "Bu, sığorta sisteminin mövcud olduğu bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Gürcüstanda mövcuddur. Bizdə də bu əməliyyatı gözləyən kifayət qədər xəstə var".
Həkimin sözlərinə görə, gözün buynuz qişasını ixrac edən əsas ölkə ABŞ-dır: "Orada buynuz qişanı bütün dünyaya paylayan mərkəzlər var, sifarişlə istənilən ölkəyə göndərə bilirlər. Buynuz qişaları süni deyil, meyitdən götürülür. Bəzi ölkələrdə, məsələn, Türkiyədə yaxınlarının icazəsi olmadan ölən şəxsin buynuz qişası götürülə bilər".
Oftalmoloq bildirir ki, sırf buynuz qişası probleminə görə, görməyən insanların sayı çoxdur: "Qanun qəbul olunsa, onlar da əməliyyat oluna, görə bilərlər. Meyitdən buynuz qişasının götürülməsini qanunla tənzimləmək lazımdır".
Abdullayevin dediyinə görə, buynuz qişası problemi adətən sonradan yaranır: "Yəni, buna travma, yanıqlar və s. səbəb ola bilər. Problemi anadangəlmə olanlar üçün, adətən bu əməliyyat aparılmır. Əməliyyatın nəticəsində görmə kritik dərəcədə artır. Əməliyyat sonrası 100 faiz görənlər də olur".
Qeyd edək ki, ötən həftə Milli Məclisin Səhiyyə komitəsinin iclasında, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan, xəstələri əməliyyat edə bilmirlər: "Buna görə də hazırda 2987 xəstə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdır".
Onun fikrincə, bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər: "Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki, həmin xəstələr ambulator müayinədən keçməlidirlər".
Qasımov bildirib ki, Azərbaycanda bu əməliyyatlar pulsuz həyata keçirilir: "Xaricdə xüsusi göz bankları var. Orada buynuz qişası saxlanılır. Bu qişalar 3-4 gün orada saxlanıla bilər".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də deyib ki, Azərbaycanda buynuz qişası toxumasını ölən şəxslərdən götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması mühümdür: "Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki, həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra funksiyasını itirir".
İclasda komitə sədri Əhliman Əmiraslanov bunun dərman vasitəsi kimi siyahıya salınması üçün təklifin olduğunu deyib: "Əgər problemin həlli bu yol ilə mümkündürsə, bu yolu seçək və qısa bir vaxtda bunu həll edək. Bunu tez bir müddətdə həll edək ki, növbədə olan xəstələr əməliyyat olunsunlar. Paralel olaraq göz bankı yaranmalıdır".
Onun sözlərinə görə, göz bankını Milli Oftalmologiya Mərkəzinin tərkibində yaratmaq olar: "İnanmıram ki, bunun üçün böyük bir vəsait lazım olsun. Hər halda gələcəkdə bu barədə düşünmək lazımdır".