BAKI, 26 yan — Sputnik. “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında həmin komitənin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib. Hadı Rəcəbli bildirib ki, bu sərəncam israfçılığın qismən də olsa qarşısını ala bilər.
“Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmr alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur” — Rəcəbli deyib.
Komitə sədri qyd edib ki, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək: “Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.