BAKI, 26 yan — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub. Ölkə rəhbərlərinin iradəsinə uyğun olaraq, əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Məmmədyarov bildirib ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası birgə komissiyanın fəaliyyəti, insanlararası təmaslar Azərbaycan və İran arasında əməkdaşlığın hərtərəfli inkişafında mühüm rol oynayır. Həmçinin, 25-26 yanvar tarixlərində Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının əhəmiyyəti qeyd olunub və aparılan müzakirələrin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması işinə əsaslı töhfə verdiyi bildirilib.
Görüşdə iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Üçtərəfli əsasda Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın regionda sülh, sabitlik və çiçəklənmənin təmin olunmasına xidmət etdiyi vurğulanıb.
İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını yüksək qiymətləndirdi və bunun müdrik bir qərar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.