BAKI, 25 yan — Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda komitənin 2016-cı il payız sessiyasının yekunları, komitənin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib.
Komitə sədri Eldar İbrahimov bildirib ki, payız sessiyasında 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub: "Bunun 15-i qanun layihələri olub və hamısı Milli Məclisdə qəbul edilib. Ərizə, məktub, şikayətlərin sayı 86 olub və 34 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. 25 şikayətçi komitənin sədri tərəfindən parlamentdə qəbul edilib".
Komitə sədri deyib ki, 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Qanun, Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər daxil edilib.
İclasda "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə baxılıb. Bildirilib ki, məcəllənin 22-ci maddəsinin birinci hissəsində "on" sözü "qırx doqquz" sözü ilə əvəz edilir. Təklif olunan redaksiyada deyilir ki, bu məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək verilə bilər. Mövcud qanunda isə göstərilir ki, meşə fondu torpaqları 1 ildən 10 ilədək icarəyə verilə bilər.
Komitə sədri deyib ki, dəyişiklik sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə hazırlanıb. Çıxış edənlər qeyd ediblər ki, sahibkar oraya investisiya qoyur və gəlir əldə etməsi uzun müddət çəkə bilər. Məsələn, qoz ağacları 8-10 ilə məhsul verməyə başlayır. Ona görə də vaxtın uzadılması məqsədəuyğundur.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib. İclasda iş planı təsdiqlənib, görülən işlər qənaətbəxş hesab edilib.