BAKI, 25 yan — Sputnik. Badam ölkəyə valyuta gətirən məhsullardan biridir və əsasən Naxçıvanda yetişir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Eldar İbrahimov deyib.
Komitə sədri bildirib ki, bu sahəni Bakı şəhəri və paytaxt ətrafında da inkişaf etdirmək olar: “Dövlət başçısının tapşırığı ilə badam əkini genişləndiriləcək”.
O həmçinin qeyd edib ki, 2015-ci ildə 3500 ton, 2016-cı ildə 3600 ton tütün istehsal edilib. Gələcəkdə 10 min ton tütün istehsalı üçün bu sahədə işlər aparılır.
İbrahimovun sözlərinə görə, 2015-ci ildə 576 ton, 2016-cı ildə 1002 ton yaşıl çay yarpağı yığılıb.
Eldar İbrahimov barama istehsalı barədə də danışıb. “2015-ci ildə 200 kiloqram barama istehsal edilib. Amma 2016-cı ildə təkcə Şəkidə 70 ton barama istehsal olunub. 2019-cu ildə 1300 ton barama istehsal olunması nəzərdə tutulur. Bu, böyük göstəricidir. Fındıqçılıq da çox böyük gəlir gətirən sahədir. O sahələri inkişaf etdiririk ki, ölkəmizə valyuta gətirsin. Aqrar sahə çox böyük inkişaf yolundadır”.