Politoloq Elxan Şahinoğlu deyir ki, bunu yeni sistem adlandırmaq çətindir: “Çünki bu sistem Türkiyə Cümhuriyyəti qurulanda da vardı. Sonradan, 40-cı illərdə parlament respublikasına keçid oldu, çoxpartiyalı sistem yarandı. İndi isə hakim partiya tərəfindən belə bir qərar verilib ki, prezident respublikası şəraitində ölkəni idarə etmək daha asandır. Amma bunun necə olacağını hələ heç kim bilmir, çünki bu, hələlik parlamentdəki səs çoxluğu ilə qəbul olunub və referenduma çıxarılacaq. Xalq isə öz rəyini bildirməli olacaq. Böyük ehtimalla, xalqın böyük bir əksəriyyəti bu dəyişikliklərə “hə” deyəcək və onlar öz əksini tapacaq”.
“Parlament respublikasında hökumətə müəyyən təzyiqlər, parlamentdə isə ciddi diskussiyalar olur və bu, yaradıcı fəaliyyətlə məşğul olmağa imkan vermir. Ona görə düşünülür ki, prezident respublikasına keçiddən sonra əsas nəzarət prezidentin əlində olacaq və belə idarəetmədə hədəflərə çatmaq daha asan mümkün olacaq” — deyə o bildirib.