BAKI, 24 yan — Sputnik. Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında kifayət qədər bərabərhüquqlu tərəfdaşlıq münasibətləri var. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Sadıxov qeyd edib ki, istənilən qarşılıqlı tərəfdaşlıq münasibətləri Rusiya kimi Azərbaycan tərəfini də eyni dərəcədə narahat edən problemlərlə bağlı mövqelərin uzlaşdırılmasını tələb edir.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prioritetdir: "Məlumdur ki, 2016-cı ildə Azərbaycan və Ermənistan prezidentləri Vyana və Sankt-Peterburqda danışıqlar aparıblar. Mənə elə gəlir ki, indi Rusiya təşəbbüsü öz əlinə almaq, hansısa yeni ideya və təkliflər irəli sürmək istəyir".
"Əgər bu belədirsə, onda təqdirəlayiqdir. Yox əgər hər şey əvvəlki kimi protokol qaydasında fikir mübadiləsi səviyyəsində qalacaqsa, onda Qarabağ məsələsində hər hansı irəliləyiş gözləməyə dəyməz" — Sadıxov vurğulayıb.
O, bir neçə gün bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da Moskvada olduğunu xatırladıb: "Tərəflərdən biri ilə görüş digəri ilə də görüşü tələb edir. Moskvada prosesin Rusiya ilə Azərbaycan arasında Dağlıq Qarabağ probleminin tənzimlənməsinə dair gələcək addımlarla bağlı yeni ideyaların, təkliflərin test edilməsi mümkündür".
Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-analitik Mərkəzinin Baş direktorunun müavini Andrey Petrov isə Sputnik Azərbaycan-a bildirib ki, Rusiya və Azərbaycan XİN başçıları arasında gözlənilən görüş Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası ilə əlaqədardır. Petrov da ötən həftə Lavrovla Nalbandyan arasında olan analoji görüşü xatırladıb.
Onun sözlərinə görə, Rusiya hələ də münaqişənin dinc yolla həllinə sadiqdir və danışıqlar prosesinin irəliləməsi üçün mümkün olan hər şeyi edir: "Hazırda danışıqlar masasında Rusiyanın təkliflərindən biri kimi Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi dayanır".
Petrovun fikrincə, Məmmədyarovun Moskvaya Rusiya tərəfinin dəvəti ilə reallaşan işgüzar səfəri, böyük ehtimalla bu məsələyə həsr olunacaq.