ELM

Türkiyədə azərbaycanlı tələbələrlə bağlı qərar ləğv oluna bilər

© Photo : REPORTTələbələr
Tələbələr - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Universitetinin məzunlarının diplomlarının tanınmaması narazılığa səbəb olub: "Hansısa bir siyasi qərar universitetin fəaliyyətinə təsir göstərməməlidir"

BAKI, 23 yan — Sputnik. 2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsili davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat verib.

© Photo : REPORTMilli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva
Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva - Sputnik Azərbaycan
Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva

Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub: "Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni, 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsili davam edən tələbələrin diplomları isə tanınmayacaq".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva Sputnik Azərbaycan-a açıqlamasında, bu məsələni Türkiyənin daxili işi kimi dəyərləndirib: "Elə ölkə var ki, oradakı təhsil sisteminə etimad böyük deyil, sui-istifadə halları çox olur və s. Diplomların tanınıb-tanınmaması da bu dövlətin öz hüququdur".

Eyni zamanda, millət vəkili 2016-cı ilə qədər Qafqaz Universitetindən diplom alanların, məzunların qeyri-ixtiyari belə bir vəziyyətə düşdüklərini, onlara bütün hallarda şərait yaratmaq lazım olduğunu düşünür: "2016-cı ilədək türk liseyləri, məktəbləri, universitetləri bütün dünyaya yayılmışdı. Afrikada, Uzaq Sibirdə belə məktəblər açılırdı və orada təhsil almaq prestij sayılırdı. Türkiyə hökuməti niyə indiyə kimi müəyyənləşdirə bilməyib ki, o işə rəhbərlik edən şəxslər öz məqsədlərini güdüblər, türk dövlətçiliyinə zidd olan siyasət aparıblar, yaxud tələbələrə heç də Türkiyənin maraqlarına cavab verməyən biliklər aşılayıblar? Uzun illər ərzində həmin o liseylər, məktəblər, universitetlərin xətti ilə Türkiyədə ildə 1-2 dəfə olimpiadalar təşkil olunurdu. O olimpiadalarda hətta Türkiyənin dövlət rəhbəri, baş naziri, təhsil naziri çıxış edirdilər".

"Hər bir dövlətin təhlükəsizlik sistemi var və bu sistem önləyici tədbirlər görməlidir. Təhlükəsizlik sistemi öncədən Türkiyə rəhbərliyini xəbərdarlıq etməli idi ki, bu məktəblər heç də istənilən istiqamətdə təhsili aparmır. Buna əvvəldən son qoymaq lazım idi. Yaxşı, başlanğıcda başa düşməyiblər. Yəni, bunu əvvəldən görmək lazım idi. Əvvəldən bu məktəblərin fəaliyyətinə sədd qoymaq lazım idi. Amma üstündən 20-25 il keçəndən sonra buna son qoymaq istəmələri bir qədər təəccüblüdür. İndi on minlərlə, bəlkə yüz minlərlə tələbə həmin o universitetlərin diplomu ilə işləyir. Müəyyən hissəsi hələ məzundur" — Baxşəliyeva bildirib.

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Deputat hesab edir ki, həmin məzunların heç də hamısı anti-türk mövqeyi tutmur: "Şərait yaratmaq lazımdır ki, onların diplomları tanınsın. İnsanlar necə bilərdilər ki, o məktəbləri təşkil edən Fətullah Gülən anti-türk mövqeyindədir, yaxud nə vaxtsa çevriliş etmək istəyir?".

Təhsil eksperti Kamran Əsədov isə işin başqa tərəfinə diqqət çəkir: "Türkiyə dövləti ölkədə çevriliş cəhdindən sonra haqlı olaraq FETÖ-nün rəhbəri, onunla bağlı olan təhsil müəssisələrinə, orta məktəblərə qarşı ciddi şəkildə fəaliyyətə başladı. Amma maraqlıdır ki, Türkiyə daxilində ali təhsil müəssisələrini bağlayandan sonra xaricdə də bu addımı atmağa başladılar. Burada qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması halları var. Türkiyənin Azərbaycanın daxilində fəaliyyət göstərən hər hansı bir universitetlə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Əlbəttə, diplomları tanımamaq hüququ var. Amma nəzərə alaq ki, vaxtilə Türkiyənin Prezidenti, Baş naziri səviyyəsində həmin ali təhsil müəssisələrində görüşlər olub".

"Qafqaz Universitetinin məzunları Azərbaycanda da, dünyanın digər ölkələrində də əvvəlki illərdə aldıqları diplomları ilə işləyə bilərlər. Hesab edirəm ki, Türkiyənin bu qadağası uzun müddət qüvvədə qalmayacaq. Hər hansı bir siyasi qərar universitetin fəaliyyətinə təsir göstərməməlidir. Bu, dünya təcrübəsində yoxdur. Hətta iki düşmən dövlət belə (məsələn, Şimali Koreya ilə Cənubi Koreya, İsrail ilə Fələstin), bir-birilərinin ali təhsil sənədlərini tanıyır" — Əsədov bildirib.

Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev də Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Universiteti ilə bağlı qəbul olunan bu qərarı absurd adlandırıb: "Sadəcə, universitetin rəhbərliyində təmsil olunan şəxslərin ucbatından tələbələrin diplomlarını tanımamaq və bunu keyfiyyətin aşağı olması ilə izah etmək yolverilməzdir".

© Photo : From personal archives of Bahtiyar Gadzhievİctimai fəal Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev - Sputnik Azərbaycan
İctimai fəal Bəxtiyar Hacıyev

Onun sözlərinə görə, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olanların diplomları dünyanın bir çox yerində tanınır və gedib orada təhsil ala bilərlər: "Məsələn, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olanlar Harvard, Stanford və s. universitetlərə qəbul ola bilərlər. Yəni, bu universitetlər Qafqaz Universitetinin diplomunu tanıyır. Amma Türkiyənin dünya reytinqlərində heç izi-tozu olmayan hansısa universiteti, yaxud Türkiyənin Təhsil Şurası Qafqaz Universitetinin diplomini tanımırsa, bu, məzunlar üçün o qədər də böyük problem olmamalıdır".

Sputnik Azərbaycan məsələ ilə bağlı Türkiyə Təhsil Nazirliyinin nümayəndəsi İlyas Dənizçinin də mövqeyini öyrənib. "Qafqaz Universiteti ilk dəfə 20 iyul 2016-cı il tarixində, təsisçinin qərarı ilə bağlanıb. Yenidən açılanda isə onun onun mövcudluğunun YÖK tərəfindən tanınması üçün, təkrar müraciət edərək lazımi meyarları yerinə yetirməsi lazımdır".

"YÖK bu il qeydiyyatdan keçən tələbələrin diplomlarının tanınması məsələlərinin normal şəkildə həyata keçirilməsinə qərar verib. Bundan əvvəl təhsil almış məzunların diplomlarının tanınması ilə bağlı müraciətləri rədd edilib. Bu diplomlar Türkiyədə etibarsızdır, Azərbaycanda deyil" — deyə o, qeyd edib.

Xəbər lenti
0