Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Aydın Qasımov deyir ki, yazı işlərinin yoxlanılması zamanı ortaya çıxa bilən əsas çətinlik yazı işini yoxlayan şəxslərin subyektiv yanaşmasıdır: “Burada iki növdə subyektiv yanaşmadan söhbət gedə bilər. Bunlardan birincisi yazı işini yoxlayan şəxsin yoxladığı yazı işinin müəllifini tanıması və ona bilərəkdən mənfi və ya müsbət şəkildə yanaşması ola bilər. İkinci subyektiv yanaşma isə yazı işini yoxlayan şəxsin fərdi yanaşmasıdır”.
“Subyektiv yanaşmaların qarşısını almaq üçün imtahan verəcək bütün şagirdlərin yazı işləri skan ediləcək və onlar elektron formada şifrələnəcək. Yazı işini yoxlayan şəxslərin monitorlarında şagirdlər haqda heç bir məlumat çıxmayacaq. Bundan başqa, yazı işlərinin skan variantları tapşırıqlar üzrə kəsiləcək və hər tapşırıq iki fərqli marker tərəfindən yoxlanılacaq. Beləliklə, riyaziyyat fənnindən olan bir şagirdin 10 tapşırığını ən azı 20 müəllim yoxlayacaq” — deyə o bildirib.
Qeyd edək ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.