İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 22 yan — Sputnik. Onları yəqin siz də görmüsünüz. Bakı-Qazax yolunun stansiya Mingəçevir adlanan hissəsində bir əllərində balıq, digər əllərini havada yelləyərək müştəri çağırır, ayaqları asfaltda donmasın deyə birini götürüb o birini qoyurlar. Onlar, böyüklüyünə görə "dəniz" deyilən Mingəçevir su anbarının yaxınlığı və bol sulu Qarabağ kanalının əsas yolla kəsişdiyi bu ərazidə həm adıçəkilən yerlərdən, həm də süni göllərdən tutulan balıqların satışı ilə məşğul olurlar. Müştəri gəldikdə həvəslə diri balıqları sudan çıxararaq bir-bir göstərir, satdıqda sevinir, sata bilmədikdə isə soyuq suda göyərən əllərini qızdırmaq üçün yandırdıqları avtomobil şinlərinin ətrafına gedər, burada əlləri quruyana, yaxud da yeni bir maşın dayanana qədər dayanıb yenidən işlərinə davam edirlər. İşlərinin çətinliyi barədə soruşduqda isə "şükür" deyirlər. Balıqçılardan balığı alaraq üzərinə 1-2 manat qoyub, halal zəhmətlə çörək qazandıqlarını deyirlər. Buradakı alverin bir xüsusiyyəti də tərəzidən istifadə edilməməsidir. Satıcılar xırda balıqları dəstəsinə, digərlərini növünə və böyüklüyünə görə qiymətləndirir. Onlar şəkillərinin çəkilməsinə güclə razılıq versələr də maraqlı həmsöhbətdirlər.
Nicat adlı satıcı belamor, xanı, sazan, sudak balıqlarının içində alıcıların ən çox sazana üstünlük verdiyini deyir. Sazan balığını cütünü 16, bir az böyüyünü 18 manata, 4 kilodan artıq "dəniz" belamorunu 23 manat, sudakın dəstəsini isə 16-17 manata verdiyini deyir: "Sentyabr ayından başlayaraq çıxırıq yol kənarına. Tutub gətirənlərdən alıb üstünə 1-2 manat qoyub satırıq. Sağ olsunlar, çox dəyib dolaşmırlar bizə. Gündəlik 3-5 manat, yaxşı alver olanda 30-40 manat apara bilirik evə". Nicat 27 yaşı olmasına baxmayaraq, hələ evlənmədiyini deyir: "Neyləyim, hələ özümü güclə saxlayıram".
Qaryağdı adlı satıcı da bu işlə əsasən qış aylarında məşğul olduğunu deyir. "Qışda gündəliyimizi birtəhər bununla çıxarırıq. Yay gələndə düşürük torpağın canına". Yol kənarında ticarətin maşınlara mane olub-olmadığını soruşduqda," 3 ildi burdayam, nə bir hadisə görmüşəm, nə də eşitmişəm" — deyir Qaryağdı.
Ömrünün artıq 7 qışını bu işə sərf edən Qara adlı satıcı isə alıcının istəyindən asılı olaraq balıqları təmizlədiklərini də deyir. "Buna görə 1-2 manat hörmət edən də olur, etməyən də. Neyləyək, təki satılsın, evə çörəkpulu apara bilək". Qara vətəgə balığı ilə göl balığının fərqinin, həyət beçəsi ilə broyler toyuğun fərqi qədər olduğunu deyir. "O da süni qidalanır, bu da. Ona görə də damba balıqları böyük olsa da, çaydan, göldən tutulan balıqların qiyməti onlardan baha olur. Onların həm dadı yaxşıdır, həm cana xeyirlidir".
Nicat adlı digər satıcı alıcıların çox vaxt yersiz irad bildirməsindən və yanlış balıqlara üstünlük verməsindən danışır: "Bəzən alıcılar irad bildirir ki, balıqları tozlu yolda daxıldan asırsınız. Onlara göstəririk ki, bunlar köhnə balıqlardır. Reklam üçün, sürücülər burada balıq satıldığını görsün deyə asırıq. Alıcı gəlir, balıqların hamısını göstəririk, çoxu bilməyərəkdən sonda elə diri balıq götürür. Amma bilmirlər ki, əsasən diri olanlar süni saxlanan balıqlardır. Biz də alıcının fikrinə hörmət edirik. Aldatmırıq. Hansından istəyir onu da veririk, təki alsınlar".
Başqa cür necə dolanaq deyir Nicat. "6 il şirkətdə işləmişəm. Ora bağlandı. Sonra tikintilər var idi Gəncədə, Mingəçevirdə, gedib fəhləlik edirdik. İndi o da yoxdur. Oğurluq etməklə dolanası deyilik ki. Alıcı da seyrəkdir. Camaatı da qınamıram, onlarda da yoxdu. Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik. Aldığımızın üstünə 1-2 manat qoyub satırıq. Bazardan ucuz qiymətə düşür. Bu soyuqda əl-ayağımız suyun içində olur. Təkərdən, çör-çöpdən yığıb yandırırıq ki, əlimiz donmasın" — Nicat bildirir.
Bir saata yaxın satıcıların yanında olsam da, onların inadla çağırmalarına rəğmən, maşın saxlayıb balıq alan görmədim.