Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist: “Bu gün həyatda özümə yer tapa bilmirəm"

© Photo : Azerbaijanfilm / 1977Ənvər Həsənov
Ənvər Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Ənvər Həsənov: Bu gün kinostudiyada özümü Ədil İsgəndərovun davamçısı hesab edirəm.

BAKI, 21 yan — Sputnik. Modern.az saytı Azərbaycan kinosunda bir çox məşhur rolları — Cəlal (“Yeddi oğul istərəm”), Murad (“Uşaqlığın son gecəsi”), Şahbaz (“Dərviş Parisi partladır”) yaratmış Əməkdar artist Ənvər Həsənovdan müsahibə alıb. Sputnik Azərbaycan bu müsahibəni təqdim edir:

— 1965-ci ildən bu günə qədər “Azərbaycanfilm” Kinostudiyasında çalışıram. 50-dən çox filmə çəkilmişəm, bəzilərində ikinci rejissor kimi çıxış etmişəm. Hazırda yenə kinostudiyada çalışıram, Kinoyayım şöbəsinin müdiriyəm. Son dörd ildə cəmi bir neçə televiziya filmində ikinci dərəcəli rollar oynamışam. Bunlar da kino effekti olan filmlərdi. Başqa formatda olanlara, seriallara sadəcə, çəkilmək istəmirəm. Bu il yeni film  ekranlaşdırılacaq. Mənə də söz veriblər ki, həmin filmdə yaşlı nəsil nümayəndələri olan kino ustadları ilə birgə çəkiləcəyəm. Bu həm mənim, həm də onlar üçün çox yaxşı olar.

- 1970-80-ci illərdə Azərbaycanda televiziya filmləri, tamaşaları çox geniş yayılmışdı. Hətta bəzi məqamlarda məşhurluğuna görə kinonu da üstələyirdilər. Bu gün durğunluq dövrünü yaşayan  televiziya məkanında həmin tamaşalara nə dərəcədə ehtiyac var?

— 1970-80-ci illərdə istər “Azərbaycanfilm”in çəkdiyi bədii və xroniki filmlər, istərsə də televiziyada hazırlanan tamaşalar arasında bu gün istehsal olunan ekran əsərləri arasında ciddi fərqlər var. Bunun əsas səbəbi odur ki, son illərdə Azərbaycan teatr və kinosunun xeyli dəyərli simaları dünyalarını dəyişdilər. Onları əvəz edənlər isə olmadı. İndi kinoya gələn gənc nəsil hələ ki, onları əvəzləmək gücündə deyil. Bunun üçün zaman, məkan- çəkiliş meydançası lazımdır ki, gənc aktyor özünü sübut etsin. 

Bizdə 1995-ci ildən 2001-ci ilə qədər kinonun durğunluq dövrü oldu. 1995-ci ilə qədər mən “Haray, Xocalım, haray”, “ Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkdim. Sonuncu film üçün 9 obyektdə çəkilişlər aparıldı, amma sonradan müəyyən səbəblərdən materiallar da yoxa çıxdı. Ondan sonra bizdə heç bir film çəkilmədi. 

2001-də Oqtay Mirqasımov “Ovsunçu” filmi ilə bu durğunluğa son qoydu. Biz də bu filmlə bahəm yenidən fəaliyyətə başladıq və bir neçə film çəkdik. Sualınıza qayıdaraq deyim ki, bu gün kinoda olan  cavan rejissor və aktyorlar hələ əvvəlki nəsil kimi püxtələşməyiblər. İnanıram ki, 2-3 il ərzində onların da ustalıq səviyyəsi daha da inkişaf edəcək və əvvəlki kino azmanları kimi fəaliyyət göstərəcəklər.

- Yəni, siz buna inanırsız?

— Bəli. Əlbəttə ki…

- Ömrünüzü tamamilə kinoya təsr etdiniz. Televiziya tamaşaları və teatrda özünüzü niyə sınamadınız?

— Bəli, düz deyirsiniz. Mən gözümü açandan kino xadimlərinin yanında, kinostudiyada böyümüşəm. Bu sualı mənə çox veriblər. Amma inanırsız, məni televiziya tamaşalarına da, teatrlara da dəvət ediblər. Dərs demək üçün Mədəniyyət və İncəsənət Universitetinə də çağırıblar. Amma təəssüflər olsun ki, bunların heç biri mənlik deyil. Hər zaman özümü çəkiliş meydançası üçün uyğun bilmişəm. Sakit insan deyiləm, hər zaman dinamik, hərəkətdə olmağı sevmişəm. Bu da kinonun tələbidir. Bu gün həyatda özümə yer tapa bilmirəm. Ona görə ki, oturaq iş tərzi keçirirəm. Kinoya bağlılığım mənə imkan vermirdi ki, başqa yaradıcı məkanda iştirak edim.

- Amma bu gün Mədəniyyət və İncəsənət Universitetində təhsil alan gənc aktyor, rejissorların sizə ehtiyacı var. Yenidən dəvət gəlsə, gedərsiniz?

— Xeyr, mənim əsəblərimlə, həyat tərzimlə uyğun gəlməz. İnanmıram ki, orada qərar tuta bilim. Mənim yerim çəkiliş meydançasıdır. Bu, bəlkə də, mənfi cəhətimdi. Amma məni tanıyanlar da deyir ki, bu səbirsizliklə kinodan başqa ayrı məkanlarda qərar tuta bilməzsən.

- Amma kino da əvvəki kino deyil, Ənvər müəllim. Hansı ki, siz gənclik çağlarınızdan azman sənətkarla işlədiniz və onlar da sizi yetişdirdilər. Bu gün o azmanların hansılarının yoxluğu sizə daha çox təsir edir?

— 15 yaşımdan kinodayam. Azərbaycanın ən güclü rejissor, aktyor, rəssam və bəstəkarları ilə bərabər çalışmışam. Rejissorlardan Ədil İsgəndərov, Tofiq İsmayılov, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Arif Babayev, aktyorlardan Məmmədrza Şeyxzamanov, Mirzə Babayev, Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Muxtar Maniyev və neçə-neçə böyük kino xadimləri ilə çalışımışam. İndi onların böyük əksəriyyəti dünyadan köçüb. Onların bugün olmamağı mənim üçün həqiqətən də faciədir. Yalnız bununla təskinlik tapıram ki, onların hər biri ilə bağlı xoş xatirələrim var. Bu xatirələri nəyəsə dəyişmək olmaz. Filmlərin çəkilişində o qədər maraqlı hadisələr yaşanıb ki, heç onların bəziləri açıq demək də olmaz.

- Ənvər müəllim, bir məqama diqqət etmişəm ki, sizdən danışanda əsasən üç rolunuzdan — Murad, Cəlal və Şahbazdan bəhs edirlər. Amma o biriləri kölgədə qalır…

— Məsələn?

- Məsələn, “Arxadan vurulan zərbə”, “Atları yəhərləyin”, “Gözlə məni” kimi filmlərdəki rollarınız…

— Moskva “Arxadan vurulan zərbə”ni layiq olmadığı 3-cü dərəcəli film kimi qiymətləndirmişdi. Bir gün “Sovetskıy ekran” jurnalını oxuyurdum. İlin sənət yekunlarına aid bir məqaləni görəndə gözlərimə inanmadım. Sən demə, “Arxadan vurulan zərbə” çəkildiyi 1978-ci ildə bütün SSRİ miqyasında ən çox izlənilən 3 filmdən biri olub. Ona kinoteatrlarda 12 milyon yarım insan baxmışdı. Bu rəqəmi pula vuranda görün nə qədər edir?! Yəni, o biri filmlərimdın geri qalsa da, bütün SSRİ-də sevilirdi. Bu gün də  televiziyada tez-tez nümayiş etdirilir. 

- Yaradıcılığınızda o filmin rolu nə oldu?

— Xoşbəxtəm, ona görə ki, böyük rejissorumuz Ədil İsgəndərovla 3 filmdə tərəf müqabili olmuşam. Məndən başqa heç bir tələbəsinə bu qismət olmadı. Mən Ədil İsgəndərovun sayəsində Ənvər Həsənov oldum, aktyor və rejissor kimi püxtələşdim. Ədil müəllim çox qəliz adam idi. Amma biz onunla rastlaşanda görüşüb-öpüşərdik. Bütün fəaliyyətimi izləyirdi, məni gözündən buraxmırdı. Bu gün kinostudiyada özümü onun davamçısı hesab edirəm. Otağımda Ədil müəllimin böyük portreti var. Bu barədə soruşanda deyirəm ki, o kişinin sayəsində Ənvər Həsənov olmuşam. 

O ki qaldı “Arxadan vurulan zərbəyə”, bilirsiniz ki, onun rejissoru mərhum Arif Babayev olub. Çəkdiyi 9 filminin beşində Arif müəllimin yanında olmuşam. İçərişəhərdə Arif müəllimlə qonşu idik. Hərdən altdan mənə baxıb deyirdi ki, “Ənvər, hazırlaş, səni bir gün filmə dəvət edəcəyəm”. Mən də zarafat bilirdim. 

Elə oldu ki, onun “İnsan məskən salır” filmində rejissor köməkçisi oldum. Haradasa, 6 aydan sonra bir gün gəlib mənə dedi ki, “Ənvər, vaxtında sənə demişdim ki, hazırlaş, hazırsan?” Dedim, nə hazırlaşmaq, hara hazırlaşmaq?! 

Ondan sonra “Uşaqlığın son gecəsi filmi”nin ssenarisini mənə göstərdi. Ədəbi ssenari Maqsud İbrahimbəyova məxsus idi. Amma kino-ssenarini o işlədi və Murad obrazını mənə uyğun şəkildə dəyişdi. Əvvəlcə sınaq çəkilişləri oldu. O zaman ölkənin əksər tanınmış aktyorları Murad rolu üçün sınaqdan keçirildi. Amma hamı dedi ki, Muradı Ənvər oynamalıdı. Mən filmə təsdiqlənəndə Arif müəllim də, Ədil müəllim də çox sevindilər. Dediyim odur ki, “Uşaqlığın son gecəsi” filminə aid çox xatirələr bu gün yaddaşımdadır. Amma  “Arxadan vurulan zərbə” haqqında qəfil sual verdiniz deyə, indi nəyisə xatırlaya bilmirəm.

- “Uşaqlığın son gecəsi” ilə bağlı hansısa maraqlı xatirlələr yadınızdadır?

— Məsələn, bir epizodda rolu lazımı qədər oynaya bilmirdim. Hadisəni yaşamırdım sanki. Arif müəllim bu zaman məni sərt tənqid etdi. Başqalarının yanında pərt və əsəbi oldum. Sən demə, Arif müəllim bunu bilərəkdən edirmiş-obrazı yaşamaqdan ötrü həmin epizodda pərt və əsəbi olmağım lazım imiş…

Görün, kimlərlə işləmişik?! Bu cür adamları unuda bilərəmmi?! Artıq 67 yaşım var. Daha bundan sonra Cəlal, Murad, Şahbaz kimi rollar yarada bilmərəm. Amma baba, ata rolundan olsa, əlimdən gələni edərəm. 

Xəbər lenti
0