BAKI, 20 yan — Sputnik. ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa qarşı Nyu-Yorkda on minlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb. Aksiya "Trump Tower" binasının yaxınlığında keçirilib.
Sputnik Azərbaycan-ın USA TODAY-ə istinadən verdiyi xəbərə görə, mitinqdə Nyu-York meri Bill De Blazio, o cümlədən aktyorlar Robert De Niro, Mark Ruffalo, Alek Bolduin, bir çox müğənnilər iştirak edib. Mitinq iştirakçıları arasında Culianna Mur, Şer, Salli Fild, Marisa Tomey və Şeylin Vudli kimi dünyaca məşhur sənətkarlar da olub. Aksiya iştirakçıları Trampı prezident kimi görmək istəmədiklərini bəyan ediblər.
De Niro mitinqdə ilk çıxışı edib. O, Trampı "bu şəhər və bütün ölkələr üçün pis nümunə" kimi xarakterizə edib. Bolduin isə öz çıxışında Trampa qarşı 100 gün mitinq keçirməyə çağırış edib. Maykl Mur Trampı sosiopat hesab etdiyini deyib.
"Biz bu adamı dayandıracağıq, o, dörd il qalmayacaq" — deyə Mur əminliklə bildirib.
"Əgər sənin deputatın Demokrat Partiyasını təmsil edirsə, o, aqressiv şəkildə Trampın planlarına müqavimət göstərməlidir. Yox əgər sənin deputatın respublikaçıdırsa, onda sən 2018-ci ildə praymerizdə fəal şəkildə tərəqqi tərəfdarı olan Demokrat Partiyasının namizədinin qələbəsinə çalışmalısan" — deyə Mur bildirib. O, həmçinin bəyan edib ki, ABŞ təhlükəli dövrünü yaşayır, Trampın hakimiyyətə gəlişi isə situasiyanı daha da gərginləşdirir.
Nyu-Yorkun meri Bill de Blazio isə deyib ki, inauqurasiya hələ son demək deyil. O, axıra qədər Trampa qarşı mübarizəyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Nyu-York seçicilərinin 80%-i demokrat Hillari Klintonun xeyrinə səs verib. O, bu şəhərin növbəti meri ola bilər.
Yanvarın ortalarından etibarən Amerikanın bir sıra şəhərlərində Trampa qarşı etiraz aksiyaları keçirilir. Yanvarın 17-də bir kişi Trampın seçilməsinə etiraz olaraq Vaşinqtonun Pensilvaniya prospektindəki Trupm International Hotel-in qarşısında özünü yandırıb.
Onu da əlavə edək ki, bu gün Vaşinqtonda Trampın inauqurasiya mərasimi keçiriləcək və o, rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq.