BAKI, 20 yan — Sputnik. Dünya kinematoqrafının görkəmli simalarından biri olan rejissor Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib.
Sputnik Azərbaycan bildirir ki, onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevillər keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib. Onun 1973-cü ildə çəkdiyi "Amarkord" filmini isə kino tənqidçiləri avtobioqrafik film sayırlar.
İlk təhsilini katolik məktəbində alıb. Burada yaşadıqları da sonralar filmlərində əks olunub. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və s. İtaliya faşistlərdən təmizlənəndən sonra — 23 yaşında kinoya baş vurub, həyatının qadını ilə rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub.
"Yeni dalğa"nın ən böyük təmsilçisi
Keçən əsrin 40-50-ci illəri kino tarixində "Yeni dalğa"nın yarandığı illər idi. Artıq köhnə kino — bütün dünya kinoteatrlarında göstərilən filmlər kinoya yeni gələnləri bezdirirdi. Onlar bu filmləri "Sinema dü Papa" — atamın kinoları adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə kasadlıq var. Kino adamı təkcə əyləndirməməlidir, həm də bir işə, hərəkətə ruhlandırmalıdır. Və özləri də arzuladıqları filmləri çəkirdilər.
İtaliyada da bu cərəyan var idi. Həm də italyanlar öz "Yeni dalğa"larını yaratdılar. Buna tənqidçilər ikinci kinorenessans deyirlər. Həmin kino dalğanın ən böyük fiqurlarından biri isə Federiko Fellini oldu.
Tale Fellinini italyan neorealizminin öncülü — Roberto Rosselini ilə qarşılaşdırdı. Rosselini 1945-ci ildə çəkdiyi "Roma – açıq şəhər" filmininin ssenarisini yazmağı Federikoya təklif etdi. Film həmin il Kann festivalının baş mükafatını qazandı. Bundan ruhlanan ikili 3 il sonra Federikonun ssenarisi ilə daha bir film – "Eşq" filmini çəkir. Ən maraqlısı isə bu filmdə tanınmış italyan aktrisası Anna Manyani ilə Federikonun bir yerdə oynamasıdır.
İki il sonra Fellini ilk rejissor işi – "Varyete işıqları"nı çəkir. Ancaq ilk dünya şöhrətini 4 il sonra — 1954-cü ildə çəkdiyi "Yol" — "Bitməyən küçələr" filmi ilə qazanır. Filmdə qadın obrazını Cülyetta Mazina – Fellininin ömür dostu canlandırır. Sonra "Kabiriyanın gecələri", "Şirin həyat" (bu filmdən sonra hökumətin yasağı ilə qarşılaşmışdı), "Səkkiz yarım", "Cülyetta və ruhlar", "Klounlar" və s. — ümumilikdə 24 film. 1990-cı ildə Fellini son filmini çəkir – "Ayın səsi"… Fellini artıq 5 Oskarlı rejissor idi. Saysız film festivallarının laureatıydı.
Dünyasını dəyişən il — 1993-cü ildə İtaliya Kino Akademiyası onu bütün filmlərinə görə Ləyaqət Oskarı ilə mükafatlandıranda, Fellini zarafatla söyləmişdi: "İnanıram ki, bu son, bağlanış mükafatı deyil…".