BAKI, 20 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib. Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər. Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib.
Qeyd edək ki, faciənin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.