Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 yan — Sputnik. Gürcüstan və digər xristian ölkələrindən gələn missionerlər, Zaqatala rayonunun Əliabad qəsəbəsində zaman-zaman narazılıqlara yol açıblar. Onların xüsusilə cavan qəsəbə sakinləri arasında milli və dini zəmində ayrı-seçkilik təbliğatı aparmaları əhalinin narahatlığına səbəb olub.
Xatırlayırsınızsa, bir müddət əvvəl Əliabadda "Xristian-Baptist" dini icmasının qanunsuz təbliği ilə məşğul olan şəxslər tutularaq ölkədən deportasiya edilmişdilər. Onların məskunlaşdıqları mənzildə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində küllü miqdarda qadağan olunmuş dini ədəbiyyat və video-kasetlər aşkarlanmışdı.
Hələ sovet dövründə Gürcüstan rəsmiləri təhsil vermək adı ilə Əliabad gənclərini Tbilisidə yerləşən ali məktəblərə asan metodlarla qəbul edir, onlar arasında təbliğat aparırdılar ki, "siz zorla öz dinindən döndərilərək müsəlmanlaşdırılmış gürcülərsiniz və öz dininizə (xristianlığa) dönməli, gürcü dilində təhsil tələb etməlisiniz". Nəticədə bu kənddə xeyli gənc xristianlığı qəbul etdi və zaman-zaman yerli hakimiyyət orqanlarını onların şəxsiyyətini təsdiq edən sənədlərdə milliyyətini "gürcü" kimi qeyd etməyə məcbur oldu.
Bu siyasət hazırda da davam edir. Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, əliabadlı gənclər arasında gizli şəkildə xristianlaşdırma və gürcüləşdirmə prosesi gedir.
Bəs əslində bu kəndinin sakinlərinin etnik mənşəyi hara gedib çıxır? Sputnik Azərbaycan-a danışan Zaqatala sakini, tarixçi Ramiz Şabanovun sözlərinə görə, Əliabad qəsəbəsində yaşayan əhali qədim Albaniyada yaşayan 26 etnosdan biri olan gellərin bugünkü davamçıladır.
"İngiloyların müxtəlif versiyaları var. Uzun müddət belə fikirləşiblər ki, bu gellər ingiloyların yolu ilə gedənlərdir. Bunlar gürcü millətçilərinin versiyaları idi. Amma son vaxtlar elm sübut edib ki, ingiloylar həmin gellərin (Yenisey gelləri) davamçılarıdır. Bunu tarixçilər Qiyasəddin Qeybullayev və Şirin Vəliyev də öz əsərlərində sübut ediblər. Azərbaycan tarixinin formalaşmasında bu ərazidə yaşayan gellərin rolu böyükdür" — Şabanov bildirib.
Onun sözünə görə, tarixi yazılı mənbələrə əsasən, Əliabad kəndinin 2500 il yaşı var: "Alazan çayının sol sahilində yerləşir. Kəndin adı "Aliabad" sözündən yaranıb. Əliabad əhalisi ingiloy (hazırda bu dil gürcü dilinə uyğunlaşdırılıb) dilində danışmalarına baxmayaraq, İslam dininə sitayiş edirlər. Hətta sovet dövründə ölkədə dini təbliğatın zəiflədiyi vaxtda Əliabad əhalisi məscidlərdə ibadətlərini yerinə yetirməyə davam ediblər".
Həmsöhbətimiz əlavə edir ki, qədim Alban dövlətinin dağılması nəticəsində gürcülərin bu əraziyə aramsız hücumları başlayıb: "Xüsusilə "Qurucu" Davidin (IV David) dövründə bu proses gedib. Nəticədə Əliabad ərazisi gürcülərin nəzarəti altına düşüb. İnzibati mərkəzi Əliabadın ərazisində yerləşən Zəyəm şəhəri 1615-ci ildə Kaxetiyanın ərazisinə daxil edilib. 1617-ci ilə kimi bu əraziyə gürcü dilinin yeridilməsi prosesi aparıldı".
"Əslində mən buna "gürcüləşmə" deməzdim. Mədəniyyət, dil, etnosun özünü dərk etməsi, məişət və s. bunların hamısı yerini dəyişdikdə assimilyasiya adlanır. Gellər assimilyasiya olunmadı. İngiloyların dili gürcü dilinin şərq dialekti hesab olunur. Əslində mən bunu düzgün qəbul etmirəm. Gürcü dili fərqlidir. "Kitabi-Dədə Qorqud" dastanında və Orxon-Yenisey abidələrində işlədilən bir sıra sözlər var ki, onlar təkcə ingiloyun dilində işlənir, başqa dillərdə yoxdur" — tarixçi bildirir.
"Məsələn, Dədə Qorqud deyir ki, "Yağı düşmən, nə qas-qas gülürsən?" "Qas-qas" dilimizdə qəhqəhə çəkib gülmək mənasındadır. Yaxud, "Yergülü ulağa, qabırğalı böyüyə" cümləsinin ikinci sözü Azərbaycan dilində işlənir, lakin birinci söz — yergülü sözü dilimizdə yoxdur. Yergülü — bənövşə deməkdir" — R. Şabanov əlavə edir.
O, gellərin qədim türk tayfası olduğuna diqqət çəkir: "Dədə Qorquddan bu yana həmin sözlər dilimizdə işlənməkdədir. Normal ciddi gürcü tarixçilərinin heç biri gelləri gürcü hesab etmir. Bəziləri VIII əsrdə, bəziləri isə XIV əsrdə bu dilin assimilyasiya olunduğunu söyləyirlər. Artıq etnoslar sadalananda bu gellər sadalanmır".
Qeyd edək ki, bu gün Əliabad qəsəbəsinin əhalisi ingiloy dilində danışsa da, türk adət-ənənələrini yaşadır. Əliabad kəndində 10 mindən artıq əhali var. Bu gün də əhalinin böyük əksəriyyəti İslam dininə sadiqdir.