Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 19 yan — Sputnik. Lənkəranın Şürük kənd sakini Rauf Mahmudov, şəxsi vəsaiti hesabına quşçuluq ferması yaradıb. O, fermasında Rusiyadan gətirdiyi min baş ördək və 200 baş bildirçin saxlayır.
R. Mahmudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, saxladığı bütün bildirçinlər yumurta qoyan fərələrdir. Bundan əlavə, təsərrüfatda ümumilikdə 90 min yumurta tutumlu inkubator var. Bu inkubatorlarda 600-700 ədəd bildirçin yumurtası və 15 min toyuq yumurtası bala çıxarılması üçün saxlanılır.
Ferma sahibi fevralın 15-dən sonra ördək yumurtalarının da inkubatorlara yerləşdiriləcəyini deyir. O, bütün ölkə ərazisinə ördək balalarının satılması üçün sifarışləri indidən qəbul edib. Dediyinə görə, ölkədə ikinci belə bir ördək ferması yoxdur.
Rauf Mahmudov, dövlət dəstəyi olarsa, fermasının məhsullarını xaricə ixrac etmək niyyətindədir. Xüsusi olaraq vurğulayaq ki, quşçuluq təsərrüfatında olan inkubatorların hamısını Mahmudov özü düzəldib.