BAKI, 19 yan — Sputnik. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, seçki kampaniyası ərəfəsində verdiyi sözü tutacağını söyləyib. O, ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüds-ə köçürəcəyini bildirib.
Sputnik İsrail mətbuatına istinadən xəbər verir ki, o, jurnalistin bu haqda verdiyi suala cavabında deyib: "Qüdslə bağlı verdiyim sözü çox yaxşı xatırlayıram. Təbii ki, unutmamışam və bilirsiniz ki, mən verdiyim sözlərdən imtina edən adam deyiləm".
Donald Trampın seçki kampaniyası ərəfəsində, hazırda İsrailin işğalı altında olan və Fələstinlə bu dövlət arasında mübahisəli ərazi sayılan Qüds şəhəri barədə dedikləri ərəb və müsəlman coğrafiyasında geniş hay-küyə səbəb olmuşdu.
Qeyd edək ki, müsəlmanların ilk qibləgahı olan Əl-Əqsa məscidi Qüds şəhərində yerləşir. Bu şəhər 20-ci əsrin əvvəllərinə qədər uzun əsrlər boyu Osmanlı İmperiyasının nəzarətində olub.