BAKI, 19 yan-Sputnik. "Binə" ticarət mərkəzində qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Xəz dükanından yüzdən artıq şuba oğurlanıb.
Bu barədə Sputnik Azərbaycana Qaradağ rayon Polis İdarəsindən məlumat verilib. Həftənin 3-cü günü 10-cu polis bölməsinə 1973-cü il təvəllüdlü sahibkar Abbasov Saleh Xudu oğlu ərizə ilə müraciət edib.
O, qeyd edib ki, onun sahibi olduğu mağazadan 120 min manat dəyərində 104 şuba oğurlanıb. Abbasov bu cinayətə görə öz satıcısı, 1991-ci il təvəllüdlü Asif Kərimovu günahlandırıb.
İlkin araşdırma zamanı məlum olub ki, şubaların oğurlanmasından sahibkar yalnız 2016-cı ilin dekabrında mağazanın işçiləri mağazanın çıxışında Kərimovu əlində pufiklə birlikdə yaxalayanda xəbər tutub.
İstintaqa məlum olub ki, gənc oğlan iş yoldaşlarına bu mebel əşyasını tanış satıcıya satmaq üçün apardığını deyib. Lakin pufikin qapağını qaldıran mağazanın işçiləri onun içində şuba tapıblar. O da məlum olub ki, oğru şubaları dükandan 6 ay ərzində çıxarıb.
Oğrunun mağazadan çıxardığı malları hara apardığını hazırda istintaq orqanları aydınlaşdırır. Kərimov hələlik saxlanılmayıb. O, hazırda istintaq altındadır və şərti nəzarətə götürülüb.
Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq Bakıda 495 şəxsi əmlakın oğurlanması faktı qeydə alınıb. Onlardan hələlik 78-nin üstü açılıb.