BAKI, 18 yan — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, hələ də yerli telekanallarda ciddi problemlərin qaldığını deyib. O, "Azərbaycan" qəzetinə ünvanladığı məktubunda yazıb ki, əvvəlki illərlə müqayisədə efirimizdə şou xarakterli verilişlərin sayı azalıb, verilişlərin biçimində ciddi dəyişikliklər hiss olunur.
"Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir" — N. Məhərrəmli deyib.
Şura sədri konkret heç bir verilişin adını çəkməsə də, özəl telekanallardakı sosial mövzulu proqramları nəzərdə tutduğu anlaşılır. O bildirib ki, MTRŞ televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır: "Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atırlar. Yaxşı olar ki, insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər".
MTRŞ sədrinin fikirlərini Sputnik Azərbaycan-a şərh edən sosioloq Cavid Şahmalıyevin sözlərinə görə, həssas əhali qrupu ilə bağlı hazırlanan verilişlərdə sosial etikaya riayət olunmalıdır: "Əgər mövzu uşaqdırsa və ya hər hansı problemi olan əhali qrupudursa, həm o insanın özünə, həm də ona qarşı işlədilən ifadələrə həssas yanaşmaq lazımdır. Təəssüflər olsun ki, bizim telekanallarda, xüsusilə axşam saatlarında efirə gedən proqramlarda, çox zaman qaydalara riayət olunmur".
"Çünki aparıcılar, problemlərinin həlli üçün onlara müraciət edən insanlara elə xitab edirlər ki, o xitab qaydası davranış normalarına, etik qaydalara ziddir, yaddır. İfadələri seçərkən ittihamedici sözlərlə insanlara yanaşmaq olmaz. Günahkar insanın belə, ləyaqətlə rəftar olunmaq hüququ var. Fərqi yoxdur, günah onun özündən qaynaqlanır, ya qarşı tərəfdən, hər kəslə gərək ədalətli və ləyaqətli rəftar olunsun" — ekspert bildirib.
O, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında insanların gələcəyini ləkələməyi yolverilməz hesab edir: "Məsələn, bir çox hallarda uşaqlar o problemdən əziyyət çəkirlər. Bəzi telekanallar öz məqsədləri naminə onlardan istifadə edir, efirə çıxarırlar. Onları danışdırırlar, halbuki azyaşlı olduqları üçün o uşaqlar hərəkətlərini anlamlı etmirlər. Böyüyəndə özlərini Youtube kanallarında görəndə, bundan böyük sarsıntı keçirə bilərlər. Odur ki, həssas əhali qrupu ilə bağlı materiallar efirə verilərkən, insan hüquqları prinsipləri çərçivəsində davranmaq lazımdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iradı doğrudur və yerindədir".
Psixoloq Vəfa Rəşidova isə hesab edir ki, insanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı, müsbət yanları da çoxdur. "Bu mövzuya birmənalı fikir bildirməyi doğru saymıram. İnsanların sosial problemlərindən bəhs edən verilişlərin mənfi tərəfləri ilə yanaşı müsbət yanları da çoxdur" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
"Əsas odur ki, hazırda insanların şüuraltına nə yerləşdirilir? Bəzən sosial mövzulu proqramlarda xoşagəlməyən görüntülər müşahidə olunur. Kimsə kimisə vurur, şiddət göstərir. Ancaq önəmlisi odur ki, o problemin çözümünü göstərilsin. Yəni televiziya kanallarındakı əsas niyyət nədir? Problemin həllinin necə mümkün ola biləcəyini göstərmək və ona dəstək vermək" — psixoloq vurğulayıb.
Rəşidovaya görə, həmin verilişlərin şüuraltı təbliğatı odur ki, dəyərlər sistemi ölməsin, insanlar qarşılıqlı yardımlaşma duyğusunu itirməsin. O, həmçinin yerli telekanallarda yayımlanan sosial mövzulu verilişlərin hamısını eyni kisəyə qoymağı da doğru hesab etmir.
"Deyirlər ki, bu verilişlər şou xarakterlidir. Ancaq hamısı elə deyil axı! Orada həqiqət olan tərəflər də var. Həmin verilişlərin çoxunda, zalda psixoloq, sosioloq, hüquqşünas və s. mütəxəssislər əyləşir. Öz fikirlərini, rəylərini bildirirlər. Nə qədər insan onları dinləyir, lazımlı şeylər öyrənir. Yəni məsələnin bu cür müsbət tərəfi də var. Ona görə hesab edirəm ki, belə verilişləri tənqid edərək birtərəfli yanaşmaq olmaz. Hərtərəfli yanaşmaq lazımdır" — mütəxəssis bildirib.